Yan Kopiç: “Bu, “Qarabağ”la cavab görüşü öncəsi mükafatdı”

“Rəqib ilk hissəni yaxşı keçirdi. Ancaq biz bu vaxta qədər çox belə geridönüş etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Viktoriya”nın futbolçusu Yan Kopiç deyib.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Viktoriya” Çexiya çempionatının yeni mövsümünə qələbə ilə başlayıb. “Yihlava” ilə qarşılaşan Plzen təmsilçisi 2:1 hesablı əzmkar qalibiyyətə sevinib.

 

“Viktoriya”nın qələbə qoluna imza atan Kopiç matçla bağlı klubun rəsmi saytına açıqlama verib. O bildirib ki, bu qalibiyyət “Qarabağ”la oyunöncəsi komandadaxili ab-havanı daha da yaxşılaşdıracaq: “Hesabda geri düşdükdən sonra bütün gücümüzü ortaya qoyduq və oyunu dəyişməyə nail olduq. Əvvəlcə hesabı bərabərləşdirdik, daha sonra isə qələbə qolunu vurduq. 0:1 hesabı ilə uduzduğumuz oyunu 2:1-ə gətirmək əladı. Şübhəsiz ki, bu, “Qarabağ”la cavab görüşü öncəsi bizim üçün mükafatdı”.

 

Qeyd edək ki, “Viktoriya”nın “Qarabağ”la ikinci görüşü sabah Bakıda keçiriləcək. Bu komandaların Çexiyada baş tutmuş ilk matçında qolsuz bərabərlik qeydə alınıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *