VYANA “QARABAĞ”ının REKORDLARI

Tarixi torpaqlarımız Dağlıq Qarabağ mövzusu bizim üçün həmişə həssas mövzu olub. Məhz buna görə də bu ad altında yaranan futbol klubu, rəqs qrupları hər zaman diqqət mərkəzindən kənarda qalmayıb. Sirr deyil ki, son illər Azərbaycan Çempionatının qalibi olan Ağdamın “Qarabağ” klubu milyonların ürəyini fəth edib. Qurban Qurbanovun yetirmələri ardıcıl üç mövsüm Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqla yeni tarix yazıb.

R+”un haqqında danışacağı “Qarabağ” klubu isə Avropada, konkret desək, Avstriya Çempionatında çıxış edir. Avstriyanın Vyana şəhərində “Qarabağ Vyana” adında futbol klubunun yaradılması ideyası və təşəbbüsü 2013-cü ildə klubun prezidenti Orxan Vəliyev tərəfindən irəli sürülmüşdü. 2014-ci il iyul ayında isə “FC Karabakh Wien” rəsmi olaraq təsis edilib. Klubun İdarə Heyətində 4 azərbaycanlı, 1 avstriyalı və 1 türk yer alıb.

Klubun prezidenti Orxan Vəliyev “R+”a açıqlamasında “Karabakh Wien” haqqında bunları dedi: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Son illər məlum hadisələrlə bağlı bu ad daha çox müharibə və digər sözlərlə yanaşı çəkilir. Dostlarla söhbətləşəndə klub yaratmaq və adını “Qarabağ” qoymaq istədiyimizi bildirdik. Bir növ bu ad Avstriyada hamımızı birləşdirir. Qeydiyyatdan “Karabakh” kimi keçdik. Çünki adın burada rahat başa düşülməsi vacib idi. Klubla bağlı planlarımız çoxdur. Amma hər bir yeniliyi zamanında etmək istərdik.

Azərbaycanda çıxış edən Ağdamın “Qarabağ” klubunun uğurları bizi çox sevindirir. “Karabakh” üçün əsas hədəf yüksək liqaya vəsiqə qazanmaqdır. Çox çətin bir işdir. Amma mümkünsüz deyil. Biz qısa zamanda əldə olunan təsadüfi nəticələr istəmirik. Ardıcıl planlı şəkildə çalışırıq. Gələcəkdə klubda azərbaycanlı futbolçuların da oynaması mümkündür. Bu bizi ancaq sevindirə bilər”.

Klubun adı Azərbaycan və Avstriya üçün tarixi əhəmiyyətə malik olan region və şəhər adlarının vəhdətindən seçilibn. Belə ki, Vyana şəhəri Avstriyada və Avropada mədəniyyət və incəsənət tarixinin beşiyi, Qarabağ regionu isə Azərbaycan və Qafqazda eyni şəkildə mədəniyyət və incəsənət məkanı kimi tanınır. Təəssüfflər olsun ki, son 25 illik zaman kəsiyində Avropa və dünya ictimaiyyətində “Qarabağ” sözünün daha çox müharibə və münaqişə adları ilə birgə hallanması,Qarabağın,əslində, sahib olduğu dəyərə xələl gətirib və dünya ictimaiyyəti tərəfindən yanlış tanınmasına səbəb olub. Bilavasitə Avstriyada və Avropada Qarabağın adının yerli ictimaiyyətə Azərbaycanın tərkib hissəsi kimi idman vasitəsilə tanıdılması gənc azərbaycanlı təsisçilər tərəfindən əsas hədəf olaraq qarşıya qoyulub.

“Karabakh Vyana” FK İdarə Heyəti 5-7 illik uzunmüddətli inkşaf konsepsiyası hazırlayıb. Belə ki, uzunmüddətli konsepsiyaya uyğun olaraq, “Karabakh Vyana” öz idman meydançasına sahibolmaqla, əlverişli infrastruktur qurmalı, əsas komanda Avstriya Bundesliqasına qədər yüksəlməli, uşaq-gənclər idman məktəbi isə xarici klubların təcrübəsindən istifadə edilməklə, futbol məktəbindən akademiya səviyyəsinə qədər inkişaf etdirilməlidir. 

Komandanın uğurlu nəticələri özünü çox gözlətməyib. Azərbaycanlıların yaratdığı “Karabakh” futbol klubu Avstriyanın II Landesliqasının çempionu olub. Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klub çempionluq sevinci yaşayıb. Liqanın 2015/2016 mövsümünün sonuna iki oyun qalmış “Karabakh” artıq çempionluq qazanıb. Bununla da Avstriyanın 4-cü liqasının 2016/2017 mövsümündə yerini təmin edib. Qeyd edək ki, bu, Vyana Federal Torpaqlar liqasının ən yüksək pilləsidir.

Ötən mövsüm Liqada qələbəyə əlavə olaraq “Karabakh” futbol klubu “Vienna Toto Cup” kubokunu başı üzərinə qaldırıb. 

Vyana Futbol Federasiyasının (WFV) təşkilatçılığı ilə Vyana Şəhər Hökumət evində 2015/2016 -cı il WFV liqalarında çempionluq titulu qazanmış futbol klublarının mükafatlandırılma mərasimində «Karabakh Vyana»nın qazandığı uğurlar haqqında xüsusi danışılıb. Mötəbər tədbirin açılışında iştirak edən Vyana şəhər İdman naziri çempion olan klubu qələbə münasibətilə təbrik edib. Tədbirdə Vyananın «Karabakh Vyana» klubunun göstərdiyi oyun xüsusi vurğulanıb və komandanın daha böyük uğurlara nail olacağına ümid bəsləndiyi qeyd olunub.

Sevindirici haldır ki, «Karabakh Vyana» futbol klubu uğurlarını, sadəcə, əsas komanda ilə deyil, aşağı yaş qruplarının təmsil olunduğu C liqasında da davam etdirir. C liqasında qış fasiləsindən öncə keçirilən sonuncu 10-cu turda da qələbə qazanan «Karabakh Vyana»nın yeniyetmələrdən ibarət heyəti fasiləyə çempion kimi yollanıb. Klubun əsas hədəfi cari mövsüm uşaq və yeniyetmələrin təmsil olunduğu daha yüksək — B liqasına vəsiqə qazanmaqdır.

Məlumat üçün bildirək ki, reqlamentə əsasən, C Liqasında xallar “U-14”, “U-16” və “U-18” komandalarının bir turda qazandığı nəticələrin cəminə əsasən hesablanır.

Avstriyada yeni yüksəldiyi Wiener Stadt Ligada mübarizə aparan «FC Karabakh Vyana» klubu cari mövsümdə uğurlarını davam etdirir. Komanda 2016-2017 mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb. Belə ki, ilk dövrədə keçirilən 15 turdan 10 görüşdə qələbə qazanan «Karabakh Vyana» 5 oyunda bərabərlik əldə etməklə, yeni rekord müəyyənləşdirib. 15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqası olan “Wiener Stadt Liga”da ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb. Liqanın ikinci yarımsezonuna 2017-ci il fevral ayının 26-da start veriləcək.

Artıq Avstriyada “Karabakh” klubunun böyük fan-klubu mövcuddur. Düzdür, fan-klub, əsasən, avstriyalı azarkeşlərdən ibarətdir. Amma xaricdə təhsil alan azərbaycanlı tələbələr də komandanın nəticələri ilə yaxından maraqlanır. Üstəlik, Azərbaycandakı azarkeşlər də qazanılan nəticələrə biganə yanaşmır. Sosial şəbəkədə fəal olan azarkeşlər gələcəkdə “Karabakh Vyana” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında yoldaşlıq görüşünün keçirilməsini arzulayır.

Sözsüz ki, Avstriya Bundesliqasında “Karabakh” adı altında komanda çıxış edərsə, bu həm ölkəmiz, həm də idmanımız üçün böyük hadisə olacaq. Bunun üçün “Karabakh” ardıcıl bir neçə mövsümü uğurlu keçirməli və yüksək liqada vəsiqə uğrunda sona qədər yarışmalıdır.

Rəy bildir

E-poçt ünvanınız dərc olunmayacaq. Vacib yazı *