Vüqar Nadirov: Qarabağ variantı yox idi

«İnter»in yeni transferi, Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

— «İnter»ə keçidinizlə bağlı nə deyə bilərsiniz?
— Bu klubla mövsümün sonunadək müqavilə imzaladım. Ümid edirəm ki, transferim uğurlu alınacaq. Özümü göstərməyə çalışacağam. Bu klub məni çoxdan idi sıralarında görmək istəyirdi. Sonuncu dəfə mən seçimimi «Qəbələ»nin xeyrinə etmişdim.

— Düşünmürsünüz ki, həmin vaxt səhvə yol vermişdiniz?
— «Qəbələ»yə keçidimi səhv hesab etmirəm. İstənilən futbolçu belə aqibətlə üzləşə bilər. Artıq bütün olanları unutmağa və özümü yeni komandamda yaxşı tərəfdən göstərməyə çalışacağam ki, Azərbaycan millisinə qayıdım.

— Niyə «Qəbələ» karyeranız elə alındı?
— Mən oynamaq istəyirdim, amma şans vermədilər. Baş məşqçinin öz baxışları var idi. Görünür, onun oyun üslubuna uyğun deyildim.

— Bəs maliyyə baxımından bu kluba keçidiniz sizin üçün nə dərəcədə uğurlu oldu?
— Ölkədə baş verənləri nəzərə alsaq, şikayətlənməyə dəyməz.

— Ötən ilin sonunda «Qarabağ»a qayıdacağınıza dair xəbərlər dolaşırdı…
— Belə bir variant yox idi. Bunu heç özüm də çox istəmirdim. Yəqin ki, bunu istəyən azarkeşlər, insanlar var idi. Ona görə də belə xəbərlər yayılmışdı.

— Yeni komandanız turnir cədvəlində «Qəbələ»ni qabaqlayır…
— Mövsümün qalan hissəsi çox çətin olacaq. «İnter»ə uğurlu çıxışını davam etdirməyə kömək etmək istəyirəm. Mənimlə yanaşı, Kamran Ağayev də bu kluba keçib. Fikrimcə, Topaz Premyer Liqasında rəqabəti gücləndirə bilərik.

— «Qarabağ»la çempionluq uğrunda mübarizə aparmağınız mümkündür?
— 8 xallıq fərq çox böyükdür. Amma qarşıdakı oyunlardan çox şey asılıdır. Fikrimcə, mövsümün qalan hissəsi çox maraqlı olacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *