Vüqar Nadirov: Qarabağ artıq çempiondur

«İnter»in hücumçusu Vüqar Nadirov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində «Qarabağ»a qarşı keçirdikləri oyundan (0:2) sonra müsahibəsi.

— Matç barədə nə deyə bilərsiniz? Niyə belə zəif oynadınız?
— Meydan sahiblərindən xal almaq istəyirdik. «Qarabağ»ın güclü komanda olduğunu, topa yaxşı nəzarət etdiyini bilirdik. Təəssüf ki, bizim bu matçda oyunumuz alınmadı. Allah eləsin ki, kubok oyunlarında uğur qazanaq.

— Belə oyuna rəğmən, yenə də uğur qazanacağınıza inanırsınız?
— Bəlkə də belə zəif oynamağımız yaxşı oldu. Mümkündür ki, kubokda daha yaxşı oynadıq. Bu oyunda yaxşı nəticə qazansaydıq, yarımfinal oyunlarına arxayın çıxa bilərdik. Amma bu məğlubiyyətdən sonra kubok görüşlərinə daha ciddi yanaşacağıq, sonadək mübarizə aparacağıq.

— «İnter»in futbolçuları sanki istəksiz idilər. Oyundan öncə komandada hansısa problem yox idi?
— Xeyr, heç bir problem yox idi. Biz müdafiədən oynamağa qərar vermişdik. Çünki rəqib topa yaxşı nəzarət edir. Rəqibi əks-hücumlarda yaxlamaq istəyirdik. Amma müdafiədən hücuma keçməkdə problemlərlə üzləşdik. Mənə elə gəlir ki, biz bu gün müdafiəyə həddən artıq çox diqqət ayırmışdıq.

— İlk qolu komandanın təcrübəli müdafiəçisi Zurab Xizanişvilinin səhvi nəticəsində buraxdınız…
— Bu futboldur. Hər şey ola bilər. Xizanişvili böyük futbolçudur. Onun İngiltərə, Türkiyə çempionatlarında təcrübəsi var. Hətta ən güclü futbolçular da səhvə yol verə bilirlər. Bundan heç kim sığortalanmayıb.

— Yəqin ki, rəqibdən başqa hər kəs sizin bu oyunda qol vurmağınızı istəyirdi…
— Bunu özüm də çox istəyirdim. Alınmadı. Qarşıda «Qarabağ»la kubok oyunlarımız da var. Bir sözlə, hələ şans qalır.

— Sizcə, ağdamlılar çempionluğu rəsmiləşdirdilər?
— Mənə elə gəlir ki, «Qarabağ» artıq çempiondur. Sadəcə, komanda üzvləri bunu öncədən dilə gətirmək istəmirlər. Düz edirlər. Çünki arxayınlıq yarana bilər. Hər şey rəsmiləşəndən sonra bu barədə danışmaq daha doğrudur.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *