Vladimir Dimitrovski: Cavab oyununda Qarabağ sakit və ehtiyatlı oynamalıdır

«Qarabağ»ın sabiq müdafiəçisi Vladimir Dimitrovskinin  müsahibəsi

— Keçmiş komandanızın çıxışını izləyirsiniz?
— Bəli. «Qarabağ»da mənim dostlarım — İbrahim Şehiçlə Muarem Muarem çıxış edir. Amma bütövlükdə komandanın da çıxışı mənim üçün maraqlıdır.

— Ağdam klubunun Çexiya «Viktoriya»sı ilə ilk oyununa baxdınız?
— Bəli, görüşdən xəbərim var. «Viktoriya» çox yaxşı komandadır. Belə bir rəqiblə səfərdə qolsuz heç-heçə «Qarabağ» üçün yaxşı nəticədir.

— «Qarabağ»ın bu komandanı keçmək şansı var?
— Mənə elə gəlir ki, şans var. Bunun üçün Bakıda sakit və ehtiyatlı oynamaq lazımdır. Hesab sürüşkəndir. «Qarabağ»ın qol vurmaq şansları olacaq. Onlardan maksimum yararlanmaq mümkün olsa, çexləri keçəcəklər.

— Yenidən bu komandada oynamaq istərdiniz?
— Mən «Qarabağ»da az oynasam da, orada yaxşı təcrübə topladım. Həyatda nə olacağını bilmək olmur. Ola bilər ki, «Qarabağ» nə vaxtsa yenidən məni istəsin və oraya qayıdım.

— Siz bu klubla müqavilə imzalayanda əsas heyət oyunçusu olacağınız gözlənilirdi. Sizin bu komandadakı karyeranız niyə uğurlu alınmadı?
— Az oynamağımda problem görmürəm. Mənim mövqeyimdə Rəşad Sadıqov, Bədavi Hüseynov kimi güclü futbolçular çıxış edirdi. Onların hər ikisi əla çıxış edirdi. Baş məşqçi də onlara şans verirdi. Həmin vaxt komandada 12 legioner var idi, onların da yalnız altısı meydana çıxa bilərdi. Bu üzdən də mən az oynaya bildim.

— Başqa səbəb yox idi? Məsələn, pul?
— Xeyr, yeganə səbəb bu idi. Pul mənim üçün problem deyil. Mən sadəcə, çox oynamaq istəyirdim.

— Bəs «Qarabağ»da ən çox yadınızda qalan nə oldu?
— Fanatları. Onlar çox yaxşı idilər.

— «Qarabağ»dan sonra Yunanıstan «Kerkira»sına keçdiniz…
— Şadam ki, yenə bu kluba qaytıdım. Karyeramın ən yaxşı dövrünü məhz bu komandada keçirmişəm. Mənim üçün doğma komandadır.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *