“Tofiq Bəhramov”un direktoru “Qarabağ”ı günahlandırdı

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yenidən yararsız vəziyyətə düşməsinin səbəbi açıqlanıb.

 

fcgarabagh.com xəbər verir ki, arenanın direktoru Şamil Quliyev ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.

Şamil bəy ayın əvvəllərindən başlayaraq, qazonda saralmalar başladığını söyləyib. Ancaq suvarma vaxtlı-vaxtında aparılsa da, saralmanın qarşısını almaq mümkün olmayıb:

«Təmir işləri stadionumuzu icarəyə götürən «Qarabağ» tərəfindən aparılıb. Meydana qulluğu da klub əməkdaşları aparıb. «Göteborq»la oyundan əvvəl vəziyyətin pisləşdiyini görüb kluba müraciət etdim ki, gəlin, bir əncam çəkin. Hələ qışda stadionda təmir işləri aparılarkən, «Qarabağ»ın stadiona cavabdeh şəxslərinə demişdim ki, qumdan az istifadə edin, ot örtüyünün alt qatı torf və torpaq olsun. Amma mənə qulaq asmadılar. «Göteborq»la ev oyunundan əvvəl «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov ot örtüyü ilə tanış oldu və «Bura nə gündədir?» dedi. Mən də bizlik bir şey olmadığını və stadionun ot örtüyünə klubun cavabdehlik daşıdığını bildirdim. O da mənimlə razılaşdı».

Direktorun fikrincə, avqustun 2-də Çexiya «Viktoriya»sı ilə Bakıdakı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündən sonra meydana toxum səpilsəydi, effekti olmayacaqdı: «Çünki o toxumlar belə istilərə dözməyəcəkdi. Amma artıq havalar mülayimləşir. İndi toxum səpilsə, Avroliqanın qrup mərhələsindəki ilk ev oyununadək ot örtüyü qaydasına düşəcək».

Arena rəhbəri meydanın yararsız vəziyyətdə olmasına rəğmən, «Qarabağ»a UEFA-dan heç bir cərimənin tətbiq olunmayacağını da əlavə edib. O bildirib ki, UEFA nümayəndələri əvvəlcədən stadiona baxış keçiriblər və bu stadionda oynamağa razılıq veriblər. (report)

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *