Şahin Diniyev: «Hazırda «Qarabağ»la danışıqlar davam edir»

«Kəpəz»in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edirik:

— Mövsümün qalan hissəsinə hazırlığınız necə gedir?
— Bu gündən etibarən Yevlaxda toplanışa başlamışıq. Burada paralel olaraq, əvəzedici komandamız da hazırlıq keçir. Yanvarın 13-də əvəzedici heyətlə yoxlama oyunumuz olacaq. Ayın 17-də daha bir sınaq matçı planlaşdırmışıq. Amma rəqib hələ məlum deyil. Yanvarın 23-də «Neftçi», 26-da isə «Ağsu» ilə qarşılaşacağıq.

— Baxışa çağırdığınız ukraynalı yarımmüdafiəçi Vladimir Korobka barədə fikirlərinizi bilmək istəyərdik…
— Toplanışa yeni başladığımızı nəzərə alsaq, hələ onun hansı vəziyyətdə olduğu barədə fikir yürütmək tezdir. Bunu təxminən bir həftə sonra demək olar. Komandaya uyğunlaşması lazımdır. Onu iş başında görmək istəyirəm. Orta xəttlə bağlı problemlərimiz var. Ümid edirəm ki, faydalı oyunçu olacaq.

— Bəs bolqarıstanlı futbolçu Aleksandr Aleksandrovun «Kəpəz»ə keçəcəyi barədə xəbərlər nə dərəcədə doğrudur?
— Bizim klubdan onunla heç kim maraqlanmayıb. Gələcəkdə də bu bolqar futbolçunu almaq planlarımıza daxil deyil.

— Namiq Ələsgərovun da «Kəpəz»ə keçəcəyi bildirilir…
— Hazırda «Qarabağ»la danışıqlar davam edir. Futbolçu özü də istəsə, onu maya qədər icarəyə götürə bilərik. Yəqin ki, bu məsələyə sabaha qədər aydınlıq gələcək.

— «Kəpəz» daha hansı futbolçularla güclənməyi planlaşdırır?
— Böyük ehtimalla, başqa transferlər olmayacaq. Bunları reallaşdıra bilsək, transferlərimiz bitəcək. Məsələ burasındadır ki, yeni futbolçuların komandaya uyğunlaşması üçün çox az vaxtımız var.

— Manatın dəyərdən düşməsi sizin kluba necə təsir göstərib?
— Şübhəsiz ki, bu problem bizdən də yan keçməyib. 4-5 legionerimiz var ki, maaşını xarici valyuta ilə alırdı. Şübhəsiz ki, bu, müəyyən problemlər yaradır. Amma biz öz öhdəliklərimizi yerinə yetirəcəyik. Bizim başqa klublarda olduğu kimi, ikili müqaviləmiz yoxdur və heç bir futbolçumuz «Kəpəz»dən FİFA-ya şikayət edə bilməz.

— Yevlax toplanışı sizin imtina etdiyiniz Bakıdakı mini-turnirdən daha önəmlidir?
— Bu çox yaxşı turnirdir, biz də iştirak etmək istəyirdik. Amma bizim hazırlıq planımız dekabr ayından bəlli idi. Bu turnirin keçiriləcəyini ötən ay bizə desəydilər, planımızı da ona uyğun qurardıq. Bizim Bakıda bazamız və stadionumuz yoxdur ki, hazırlıq planımızda dəyişiklik edək.

— Yanvarın 23-də «Neftçi» ilə oyununuz var. Həmin gün Bakıdakı turnirdə də final görüşü olacaq. «Neftçi»nin həmin gün sizinlə oynayacağına əminsiniz?
— Mən Əsgər Abdullayevlə danışmışam. Planlarında heç bir dəyişiklik olmayacaq. Ayın 23-də saat 17:00-da bu komanda ilə oyunumuz olacaq. (azerisport)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *