Ruslan Qurbanov: Oyunun favoriti “Qarabağ”dı

“Neftçi” klubunun və Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

 

— Topaz Premyer Liqasının XXII turu çərçivəsində şənbə günü “Qarabağ”ın qonağı olacaqsız. Matça hazırlıq nə yerdədi?

— Hər şey qaydasındadı. Oyuna ciddi hazırlaşırıq. Mənə elə gəlir ki, görüş çox maraqlı alınacaq. Çünki Azərbaycanın 2 köklü klubu üz-üzə gələcək.

 

— Cari mövsümdə “Qarabağ”la keçirdiyiniz 2 oyunda 1 qələbə, 1 heç-heçəyə imza atmısız. Məğlubiyyətsizlik seriyasını bu görüşdə də davam etdirə biləcəksizmi?

— Düz qeyd etdiniz, “Qarabağ” cari mövsümdə “Neftçi”yə qalib gələ bilməyib. Bu mənada, onlar bizdən revanş almaq istəyəcəklər. Matçın favoriti “Qarabağ”dı. Çünki meydan sahibi olacaq. Kimin güclü olduğunu isə oyun göstərəcək.

 

— “Neftçi”nin qış fasiləsindən sonrakı çıxışından razısızmı?

— Üçüncü dövrənin ilk 3 turunda 7 xal qazanmışıq. Təbii ki, 9 xal əldə etməklə, maksimum nəticə göstərmək istərdik. Amma alınmadı. İndi bizi ardıcıl 3 ağır oyun gözləyir. Həmin görüşlərdə bacardığımız qədər çox xal toplamalıyıq. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq üçün bunu etməyə borcluyuq.

 

— Cəzalı olduğunuz üçün ötən tur “Xəzər Lənkəran”la görüşdə komandanıza kömək edə bilmədiz. Sizin yoxluğunuzda “Neftçi” necə təsir bağışladı?

— Komanda mənsiz də yaxşı oynadı. Əsas odu ki, qələbə qazandıq.

 

— Nikolas Kanalesin gəlişi ilə bağlı fikirlərinizi də bilmək istərdik. Bu keçiddən sonra sizi “Neftçi”də yenə mərkəz hücumçusu mövqeyində, yoxsa yarımmüdafiənin cinahında görəcəyik?

— Kanalesin transferini yüksək qiymətləndirirəm. Düşünürəm ki, komandaya əlavə güc qatacaq. Azarkeşlərimiz onun necə futbolçu olduğunu yaxşı bilirlər. Bombardirliyə imza atdığı mövsümdə nə qədər qol vurduğunu hamı yaxşı xatırlayır. “Neftçi”yə fayda verəcəyinə şübhəm yoxdu. Sadəcə, Kanalesin bir qədər vaxta ehtiyacı var. O ki qaldı mənim hansı mövqedə çıxış edəcəyimə, buna baş məşqçi qərar verəcək. Hansı mövqedə şans versə, oynamağa hazıram.

 

— “Neftçi”nin hazırkı gücü cari mövsümü neçənci pillədə başa çatdırmağa imkan verir?

— Qarşımıza ilk “3-lüy”ə düşmək və Avropa Liqasına vəsiqə qazanmaq tapşırığı qoyulub. Bunu reallaşdırmağa gücümüz çatar. Ancaq tapşırığın öhdəsindən gəlib-gəlməyəcəyimizi zaman göstərəcək. Azarkeşlərimizin bizdən uğurlu nəticə gözlədiklərini bilirik. Biz də çalışırıq ki, baxımlı oyun göstərib, yaxşı nəticə əldə etməklə onların etimadını doğruldaq.

 

— Sabiq komanda yoldaşınız Samir Məsimov bundan sonra “Domjale”nin formasını geyinəcək. Onun Sloveniya çempionatında özünü göstərə biləcəyinə inanırsızmı?

— Samirin “Domjale”yə keçidinə görə sevindim. Ona legioner karyerasında uğurlar arzulayıram. Sloveniyada adından söz etdirəcəyinə inanıram.

 

— Ötən il siz də Azərbaycanı tərk etmişdiz. Lakin Xorvatiyanın “Hayduk” klubundakı karyeranız uğurlu alınmadı. İkinci dəfə legioner həyatı yaşamaq fikriniz varmı?

— Hələ ki, “Neftçi”də məni hər şey qane edir. Sonra necə olacağını indidən deyə bilmərəm. İnşallah, yaşayıb görərik.

 

— Martda yığmamızın Antalyada təlim-məşq toplanışı olacaq. Yəqin ki, millinin baş məşqçisi Robert Prosineçkinin sizə yenə dəvət göndərəcəyini düşünürsüz…

— Yığmaya çağırılıb-çağırılmayacağımı bilmirəm. Hazırda əsas məqsədim klubumun heyətində oynamaq və yaxşı nəticə əldə etməkdi. Yığmanın Antalya toplanışına aparılmaq üçün ilk növbədə “Neftçi”də özümü göstərməliyəm.

 

Tengiz MƏMMƏDOV

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *