Reynaldosuz, Kintanasız…

Dekabrın 26-da ölkə kubokunun ¼ final mərhələsinin cavab qarşılaşması çərçivəsində «Qarabağ” «Sumqayıt”ın qonağı olacaqdı. Hələ ilk qarşılaşmada «köhlən atlar” cütün taleyini həll etmişdilər. 6 cavabsız qoldan sonra çətin ki, kimsə «Qarabağ”ın yarımfinala adlayacağına şübhə edirdi. Bu arxayınçılıq komandanın baş məşqçisi Qurban Qurbanova da təsirini göstərmişdi. Çalışdırıcı komandanın bütün legionerlərinə vaxtından əvvəl istirahətə yollanmağa, yeni ili vətənlərində qarşılamaq üçün evə getməyə icacə vermişdi.

Yaxşı yadımdadı, həmin gün «Sport7.az” oxcularıyla «Onlarsız «Qarabağ” adlı yazımı bölüşmüşdüm. Yazının da məğzi bu idi ki, əcnəbilərin yoxluğu yerli gənclər üçün yeni bir fürsətdi. Legionerlərin kölgəsində qalan yerlilər bu qarşılaşmada özlərini göstərmək üçün yeni şans qazanacaqlar. Həm rəqib komandaların çalışdırıcılarına, həm də Qurban Qurbanovun özünə.

Gözlədiyim və yazdığım kimi də oldu. Namiq Ələsgərov Sumqayıtdakı qarşılaşmanın qəhrəmanına çevrildi. «Qarabağ”ın vurduğu 5 qoldan üçündə Namiqin imzası vardı. Het-trik edən hücumçu qış fasiləsində «Qarabağ”ı «Neftçi”yə dəyişdi. Amma getməzdən öncə öz potensialını bir daha nümayiş etdirməyi bacardı. Qurban Qurbanov da «ağ-qaralar”a yararsız futbolçu vermədiyi, istedadlı gənci itirib-batırmadığı üçün rahatca nəfəs ala bildi.

Mövsümün qalan hissəsi üçün «Qarabağ”da oxşar vəziyyət yaranıb. Azarkeşlərin sevimlisi Reynaldonun komandadan ayrılacağı gözlənilən idisə, Dani Kintananın uzun müddətə sıradan çıxacağı həm arzuolunmaz, həm də gözlənilməz oldu. Təsadüfi deyil ki, AZAL-la oyunun ikinci hissəsində də məsuliyyəti yerli futbolçular üzərlərinə götürdülər. Maksim Medvedevlə Coşqun Diniyev 3 dəqiqə ərzində vurduğu iki qolla «Qarabağ”a vacib qələbə qazandırdılar.

Almeydaya, Miçelə, Dino Ndlovuya hər nə qədər hörmət bəsləsək də, onların istedadına şübhə etməsək də, bir vacib həqiqəti deməliyik. Almeyda artıq əvvəlki deyil. Düzdü, braziliyalı cəza səbəbindən qış fasiləsindən sonrakı iki oyunda meydana çıxmayıb. Meydana dönəndən sonra da ondan fövqaladə nəsə gözləməyə dəyməz. Artıq rəqiblər də onu dayandırmağın, bu mümkün olmasa, özündən çıxarmağın, əsəbləşdirməyin yollarını bilirlər. Ndlovu isə ondan gözlənilənləri verməyi bacarmadı. Elə Miçel də qeyri-sabit çıxış etməyə meyillidi.

Deməli, nəzərlər yenə də yerlilərin üzərində olacaq. Ümidlər daha çox onlaradı. İndiki «Qarabağ”ı legionersiz təsəvvür etmək çətindi. Amma artıq azərbaycanlı futbolçuların da səhnəyə çıxması, çiyinlərini ağır yükün altına verməsi lazımdı. Onlar isbatlamalıdılar ki, Qurban Qurbanovun etimadına nahaq yerə layiq görülməyib, «Qarabağ”la boşuna sözləşmə imzalamayıblar.

Reynaldosuz, Kintanasız «Qarabağ” sizin «Qarabağ”ınızdı. Özünüzün və «Qarabağ”ın gücünü göstərin, igidlər!

Amal ABUŞOV

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *