Rahid Əmirquliyev: İlk oyun göstərdi ki, Düdelanj sıradan rəqib deyil

«Qarabağ»ın yarımmüdafiəçisi Rahid Əmirquliyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq «Düdelanj»ına qarşı keçirdikləri ilk oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

— Gözlənilən və inamlı qələbənizi necə şərh edə bilərsiniz?
— Hər şey gözlədiyimizdən də çətin keçdi. «Düdelanj» elə də zəif komanda deyil. Amma çox adam asanlıqla qələbə qazanacağımızı düşünürdü. Buna baxmayaraq, qələbə qazana bildik.

— Hər iki qolu ilk yarıda vurdunuz. İkinci hissədə yorulmuşdunuz?
— Lüksemburq klubu fasilədən sonra daha da qapandı. Onlara qol vurmaq bir qədər də çətinləşdi. Fasilədən sonra da az güc sərf etmədik.

— Rəqib öz meydanında sürpriz edə bilər?
— İstənilən halda arxayınlaşmaq olmaz. İlk oyun göstərdi ki, «Düdelanj» sıradan komanda deyil. Əminəm ki, onlar öz meydanlarında daha yaxşı oynayacaqlar. Amma biz sürprizə imkan verməməliyik.

— İkinci hissədə meydana çıxsanız da, əvvəlki Rahidi görə bilmədik. Hələ tam hazır deyilsiniz?
— Fiziki baxımdan problemim yoxdur. Sadəcə, oyun təcrübəsi baxımından çatışmazlıqlar var. Son altı ayda cəmi bir oyunda meydana çıxmışam. O da «Şuşa-Qarabağ»la yoxlama oyunudur. Amma hər matçda vəziyyət daha da yaxşılaşır.

— «Düdelanj»ı keçsəniz, Çexiya «Viktoriya»sı ilə qarşılaşacaqsınız…
— «Viktoriya» yaxşı komandadır. Avrokuboklarda böyük təcrübəsi var. Son illərdə tez-tez Avroliqanın, ÇL-in qrup mərhələsində oynayır.

— «Qarabağ» bu rəqiblə bacara biləcək?
— Bizi indi daha çox «Düdelanj»la cavab oyunu düşündürür. 3-cü mərhələyə çıxandan sonra çexlər barədə düşünmək olar.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *