Rəşad Sadıqov: «Robert Prosineçki millidən getməyə tələsməməyimi tapşırdı» (VİDEO)

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

— Sabah biz çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. İtalyanlar bu oyunda qalib gəlib, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirlər. Bizim isə öz hədəfimiz var. Ona görə də sabah çətin və maraqlı oyun olacağını düşünürəm.

— Sabah millimiz sürprizə imza ta biləcək?
— Bəli, sürpriz edə bilərik. Çünki ciddi hazırlaşırıq. Qarşımıza uduzmamaq hədəfini qoymuşuq. Amma alınsa, qələbə qazanmağa da çalışacağıq.

— Belə bir rəqibə qalib gələ bilsəniz, onun karyeranızda ən yaddaqalan olacağını demək olar?
— Adətən sonuncu uğurlar daha yaddaqalan olur. Ona görə də bu matçda qələbə qazanmağımızı çox istəyirəm. Bu, mənim üçün böyük hədiyyə olar. Amma heç-heçə də yaxşı nəticə olacaq.

— İtaliya yığmasının heyətində kimi xüsusi qeyd edərdiniz?
— Qratsiano Pelleni. O, çox təhlükəli oyunçudur. Bu futbolçunu neytrallaşdırmaq lazımdır. Hücumların 90 faizi onun üzərində qurulur. Əks halda bizə çox çətin olacaq.

— Son dövrlər mətbuatda sizin qocaldığınızı yazırlar…
— Mən onları oxumamışam. Amma ola bilər ki, bir-iki nəfər elə bir şey yazsın. Mən bunlara fikir vermirəm. 33 yaş futbolçu üçün az deyil, mən bunu etiraf edirəm. Yığmada 120-130 oyun keçirməyə gəlincə, buna nail olmaq çətin görünür. Düşünmək lazımdır. Əsas məsələ yığmaya nə dərəcədə faydalı olmağımdır. Tsiklin sonunda bu barədə bir daha düşünəcəyəm. Baxmayaraq ki, bu tsiklin yığma karyeramda sonuncu olacağını düşünürdüm. Bir-iki ay öncə bu planlarımla bağlı baş məşqçi Robert Prosineçki ilə söhbətim oldu. O, mənə yığmadan getməyə tələsməməyi söylədi. Hər şeyə Bolqarıstanla oyundan sonra qərar verəcəyəm.

Elsevər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *