Rəşad Sadıqov: Başqa ssenari ilə uduzsaydıq, bu qədər məyus olmazdıq (VIDEO)

«Qarabağ»ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya «Viktoriya»sına qarşı keçirdikləri cavab oyunundan (1:1, ilk oyun 0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

— Belə oyundan sonra nə deyə bilərsiniz?
— Danışılası çox şey yoxdur. Özünüz də hər şeyi gördünüz. Görünür, qismət beləymiş.

— Bəlkə komandanız hücumçu çatışmazlığına görə belə aqibətlə üzləşdi…
— Belə oyundan sonra nəyinsə çatışmadığından danışmağın mənası yoxdur. Qələbə qazanmaq üçün daha nə etmək lazımdır ki? Burada söhbət hücumçudan getmir. Boş qapıya qol vura bilmiriksə, daha nədən danışaq?

— Bəs onda problem nədədir?
— Biz rəqibə iki oyunda bir dənə də qol şansı vermədik. Hətta fərqləndikləri anı da qol epizodu saymaq çətindir. Amma yenə də mərhələni keçən onlar oldu.

— Buraxılan qoldan və oyundan sonra Əfran İsmayılova nəsə irad bildirirdiniz…
— Bəli, buraxılan qola kimi bir epizod oldu ki, Əfran orada olmalı idi. Amma bunu etmədi. Sadəcə, bunu ona söyləyirdim.

— Bu qədər məyus olduğunuz oyun olmuşdu?
— İtaliya «İnter»i ilə oyunu saymasaq, beləsi olmamışdı. Uğur qazanmağa bu qədər yaxın ikən əldən verdik. Halbuki, hər şey yaxşı gedirdi, oyuna nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Rəqib heç nə edə bilmirdi.

— Riçard Almeyda niyə oyunu davam etdirmədi?
— Yəqin ki, yorulmuşdu və buna görə əvəzlənməsini istədi.

— Son dəqiqələrdə irəli atılmağınızı baş məşqçi istədi?
— Bəli, baş məşqçinin göstərişi idi.

— Avropa Liqasının pley-off mərhələsinə hazırlaşmaq çətin olmayacaq?
— Çətin olacaq. Hamı çox məyusdur. Başqa ssenari ilə uduzsaydıq, bu qədər məyusluq olmazdı. Çünki ÇL-in pley-offuna çox yaxın idik.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *