Qurban Qurbanov xəbərdarlıq etdi: Danışmasalar, inciməyin (VİDEO)

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə «Zirə»ni 2:0 hesabıyla məğlub edən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

— Vacib 3 xal qazandıq. Futbolçular çox düzgün oyun qurdular. Düşünürəm ki, «Zirə»ylə yaxşı oyun nümayiş etdirdilər. «Zirə» 0:1 hesabıyla geridə olsa da, öz oyun sistemindən — əks-hücumdan əl çəkmədi. Rəqibə əks-hücum üçün şans versəydik, çətin vəziyyətlə üzləşəcəkdik. Rəqibin heyətində 3-4 itki var idi. Bu futbolçular rəqibin əsas üzvləri idi. Buna baxmayaraq, rəqibin də fərqlənmək üçün imkanları oldu. Məncə, «Zirə» ikinci pillədə qərarlaşmağa layiqdi. Hər iki komanda yaxşı oyun sərgilədi.

— Mahir Mədətov ardıcıl ikinci oyunda qol vurdu. Qolu vurduqdan sonra bir jest göstərdi. Düşünmürsüz ki, o, ulduz xəstəliyinə tutula bilər?
— Düşünürəm ki, Mahir dediyiniz tərzdə futbolçudu. Qolu o cür formada qeyd etməməliydi. Hər futbolçu qol vurmaq yox, komandanın uğuru barədə düşünməlidi. Mahir çox istəkli futbolçudu. Ancaq onun çatışmayan çox xüsusiyyəti var. Bəzi futbolçular yaxşı oyunçu olmaq əvəzinə lazımsız hərəkətlərə yol verirlər. Qolu o cür qeyd etməsini mən də ona irad tutdum. Düşünürəm ki, Mahir gələcəkdə daha sadə olacaq.

— Epizodların birində azarkeşlə dialoqa girdiz…
— Hər qələbə bizim üçün bir maneəni geridə qoymaqdı. Bizim üçün rəqibin fərqi yoxdu. Hər oyun maksimum nəticə qazanmağa çalışırıq. Azarkeş toxunulmazdı. Amma həmin zonada tanıdığımız azarkeşlər əyləşmişdi. Xoşagəlməz ifadə işlətdi. Mən də ona belə söz işlətməyin düzgün olmadığını dedim. İdmançı hansısa uğur qazanmaq üçün meydanda hər şey edir.

— «Neftçi» bu gün məğlubiyyətdən sonra 7-ci pilləyə düşdü və Əsgər Abdullayev istefa verdi…
— Həmişə «Neftçi»nin uğuruna sevinmişəm. «Qarabağ»da çalışmağıma baxmayaraq, «Neftçi»yə də azarkeşlik etmişəm. Bu halı nəinki «Neftçi»yə, heç bir kluba arzu etməzdim. Komandaya gələn oyunlarda uğurlar arzulayıram.

— «Qalatasaray»la oyun olacağı barədə söz-söhbət var. Bu, komandaya nə dərəcədə kömək edə bilər?
— Bu barədə danışmaq istəmirəm. Futbolçuların fikrini «Qalatasaray»la oyunla yayındırmaq istəmirəm. Biz bu gün ancaq çempionata köklənməliyik. Belə variant var. Əsasən, Türk Hava Yolları bu oyunun keçirilməsini istəyir. Futbolçulara bu oyun barədə fikir bildirməyə qadağa qoymuşam. Ona görə də, hansısa futbolçumuz bu oyun barədə fikir bildirməsə, ondan inciməyin.

— Armenterosun yoxluğunun səbəbi nədi?
— Əvvəllər Qara Qarayevin oynamaması barədə çox sual verirdilər. İndi də Armenteros. Bu, normal haldı. Bu gün Mahir oynayır, sabah Armenteros oynaya bilər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *