Qurban Qurbanov: Reynaldonu bu gün meydana buraxmaq fikrim var idi (VIDEO)

«Vacib 3 xal qazandıq. Güclü və sonadək mübarizə aparan komandaya qarşı oynadıq. «Qəbələ»yə səfərdə qalib gəlmək bizim üçün önəmli nəticədir. Uğur əldə etmək istəyiriksə, hər görüşdə qələbə qazanmalıyıq. Komandamın yaxşı mübarizə apardığını və layiqli qələbə qazandığını düşünürəm».

Qol.az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 26-cı turunda səfərdə «Qəbələ»yə qalib gəldikləri oyundan (2:1) sonra «CBC Sport» telekanalına açıqlamasında deyib.

Oyun haqda fikirlərini bölüşən Qurbanov daha sonra bir neçə sualı cavablandırıb.

— Düzdür, rəqib son oyunlarda elə də uğurlu nəticələr əldə etməyib. Lakin «Qəbələ» elə baş məşqçi və futbolçulara malikdir ki, istənilən anda oyununu bərpa edərək qələbələrini qazana bilər. Bu mənada önəmli qələbə qazandıq. Bizi bu stadionda sonadək dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

— Zədəsini sağaldan Reynaldonun bugünkü oyunda meydana çıxacağı gözlənilirdi. Ancaq siz bu gün ona şans vermədiniz…

— Bəli, açığı Reynaldonu bu gün meydana buraxmaq fikrim var idi. Lakin bir qədər ehtiyat etdim. Onu riskə atmaq istəmədim. Ancaq qarşıdakı görüşlərdə Reynaldonu meydana buraxacam.

— Çempionluq yolunda əsas rəqiblərinizdən olan «Qəbələ»ni səfərdə məğlub edərək liderliyinizi bir qədər möhkəmləndirdiniz. Artıq çempionluq mübarizəsinin «Qarabağ» və «Zirə» arasında gedəcəyini söyləmək olar?

— Bu barədə düşünmək istəmirəm. Çünki qarşıda hələ 10 oyunumuz var. «Zirə» ilə aramızdakı xal fərqi 7-yə bərabərdir. Çempionluq haqda düşünmək futbolçuların oyununa mane ola bilər. Bu səbəbdən oyunumuzu daha da yaxşılaşdırmaq və hər görüşdə qələbə qazanamağa çalışacağıq.

— Artıq bir neçə oyundur ki, gənc futbolçu Mahir Mədətova şans verirsiniz. Onun əsas heyət oyunçusuna çevrildiyini söyləyə bilərik…

— Belə deməzdim. Biz rəqibə görə heyət müəyyənləşdiririk. Hər görüşdə heyətdə müəyyən dəyişikliklər olur. Mahir hələ gəncdir, üzərində daha çox çalışmalıdır. Qarşıdakı oyunlarda onun əvəzinə Coşqun Diniyevi və ya başqasını görə bilərsiniz. Mahir daha çox təcrübə toplamalıdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *