Qurban Qurbanov: Maliyyə böhranı Qarabağın işinə təsir göstərməməlidir

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

— Türkiyə toplanışı necə keçir?
— Bütövlükdə, pis deyil. Tədricən hər şey qaydasına düşür. Şikayətlənəsi nəsə yoxdur.

— Keçirdiyiniz iki yoxlama oyununda komandadan razı qaldınız?
— Futbolçular həmin oyunlarda özlərini yaxşı tərəfdən göstərə bildilər. Komanda öz üzərində çalışır. Baxmayaraq ki, hələ optimal formadan uzağıq. Premyer Liqanın üçüncü dövrəsinin üç-dörd turundan sonra bizə lazım olan oyunu sərgiləməyə başlayacağıq.

— Çumbinyonun gözlənilməz gedişi nə ilə bağlıdır: siz artıq legionerdən yaxa qurtarmağa qərar verdiniz, ya o özü Rahid Əmirquliyev transferindən sonra qalmaq istəmədi?
— Yunanıstan klubundan təklif gəldi. Biz də oturduq, danışıq apardıq və sonda futbolçu ilə yollarımızı ayırmaqla bağlı razılığa gəldik.

— «Qarabağ» braziliyalı futbolçunun satışından nə qədər qazandı?
— Bunu açıqlamaq düzgün olmazdı.

— Rahid Əmirquliyevlə Muarem Muaremdən razısınız?
— Hər ikisi yaxşıdır. Muaremə çətin olmayacaq. O, bizim necə futbol sərgiləmək istədiyimizi yaxşı bilir. Rahid üçün də problem olmamalıdır. Millinin üzvüdür, böyük təcrübəyə malikdir. Yaxın gələcəkdə o, daha faydalı olacaq.

— Manatın devalvasiyası və Əmirquliyev transferi olmasaydı, siz yenə Çumbinyo ilə yollarınızı ayırardınız?
— Onun gedişi manatın devalvasiyası ilə bağlı deyil.

— Maliyyə böhranı uzun müddət davam etsə, Reynaldo və Riçard Almeyda kimi aparıcı futbolçuları da yola salmağınızla nəticələnə bilər? Yəqin ki, onlar heç də az maaş almırlar…
— Hansısa futbolçunun gəlişi və ya getməsi indiki maliyyə vəziyyəti ilə əlaqədar deyil. Yadınızdadırsa, Reynaldo yayda xarici klublardan birinə keçməyə çox yaxın olsa da, zədəsi buna mane oldu. O vaxt maliyyə vəziyyəti yaxşı idi. Leyor Corcla Muarem Türkiyəyə getdi. Biz həmişə istəmişik ki, futbolçularımız daha güclü klublara, çempionatlara getsinlər. Xaricdə «Qarabağ»ı artıq mütəmadi izləyirlər. Artıq elə bir zaman yetişib ki, bizim də futbolçularımızı almaq istəyən klublar var.

— Əksər klublar ölkədəki böhrandan ciddi əziyyət çəkir. Bu baxımdan «Qarabağ»da vəziyyət necədir?
— Niyə şikayətlənməliyik ki? Bu, qlobal prosesdir. Əksinə, biz pulumuzu həmişə düzgün istiqamətdə xərcləməyə, əlavə xərclərdən qaçmağa çalışmışıq. Həyatda heç nə sabit olmur. Bu vəziyyətdən də düzgün istifadə etmək lazımdır. Çətinliklərə normal yanaşırıq. Baş verən olaylar bizim işimizə təsir göstərməməlidir. Lazım gəlsə, az maliyyə ilə də işimizi davam etdirəcəyik.

— Son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamağınız klubunuzun maliyyə baxımından xeyli qazanc əldə etməsinə gətirib çıxardı. Sizə elə gəlmir ki, indiki böhran vəziyyətdə sizin növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız daha da yerinə düşərdi?
— Şübhəsiz ki, biz də bu barədə düşünürük. Hər uğurun öz qiyməti var. Ən azından elə imic baxımından ÇL-in qrup mərhələsinə çıxmaq böyük uğur sayılır. Amma bunun üçün öncə Premyer Liqadakı liderliyimizi qorumalıyıq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *