Qurban Qurbanov: «Komandam uduzur, mən uduram»

Millinin Qazaxıstanla oyunda zəif çıxış edərək uduzması, həmin matçda Rəşad Sadıqov əvəzləndikdən sonra kapitanlıq sarğısını Bədavi Hüseynova həvalə etməsi və bunun böyük ajiotaja səbəb olması və digər məqamlara aydınlıq gətirmək üçün üz tutdum Suraxanıya — “Qarabağ”ın bazasına.

“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov məşqdən dərhal sonra İdmanxeber.com-a müsahibə verərək bəzi məqamlara aydınlıq gətirib:

-Məşq bitib, komanda üzvləri  stadionu tərk etsə də siz özünüz topla məşq edirdiniz. Bu formada qalmağınız üçündü, yoxsa futbolçulara daha çox çalışmaları üçün bir mesajıdı?

-Arada olur ki, futbolçularla yarışıram. Qol vurmaq və ya başqa məqamlara görə onlarla yarışıram.  Həm öz formamı da saxlamaq üçün məşq edirəm və elə oldu ki, bu gün məşq  günüm idi, sənin gəlişinə təsadüf etdi. Bu hər gün olmur.

-Bu dəfə də yarışırdınız?

-Bəli, Elvinlə yarışırdım. Bir dəfə o, uddu, bir dəfə mən (gülür). Bərabərə qaldıq.

-Millimiz bir neçə gün öncə Qazaxıstana məğlub oldu. Nəticə əsas sayılmasa belə meydanda yaxşı komanda, gözəl oyun görmədik. Sizcə, millidə nə çatışmır?

-Bu yoldaşlıq oyunudu. Belə oyunlarda məşqçinin əlində imkan olur ki, bəzi futbolçuları yoxlaya bilsin, onlara şans versin, potensialını görsün.  Robertin işindən hamımız razıydıq. Hansı ki, seçmə mərhələdə milli yaxşı oyunlar oynadı, nəticələr qazandı. Görmədiyimiz futbolçuları gördük, çox oyunçuya şans verdi. Ancaq bir məğlubiyyətdən sonra fikirlər qarışdı. Bugünə kimi onun işindən, nəticələrdən razı qalmışıqsa niyə indi başqa şeylər fikirləşək? Robert daima Premyer Liqa matçlarını izləyir, oyunlara gəlir. İmkan olduqca meydanda yeni fikirlər göstərmək istəyir.  Mən demirəm ki, biz Qazaxıstan millisindən ikibaş üstün oynadıq, yox, sadəcə onlar qol vurdular, biz isə imkanlardan istifadə edə bilmədik. Komandanın çatışmayan cəhətini mən deyə bilmərəm. Milli haqqında danışmağım düzgün çıxmaz.

-Futbolçularınızın çıxışından necə, razı qaldınızmı?

-Belə deyək, məğlub olanda razı qalmaram. Ancaq əsas olan oyundu. Elə oyunlar olur ki, mənim komandam meydanda uduzur, ancaq mən uduram. Komandanın çatışmayan cəhətlərini görürəm, səhvlərdən nəticə çıxardırıq. Ümumən razı qalmadım.

-Həmin oyunda Rəşad Sadıqovun meydandan çıxdıqdan sonra kapitanlıq sarğısını Bədavi Hüseynova verməsi istər mediada, istərsə də sosial şəbəkələrdə geniş rezonans doğurdu. Siz bu barədə nə deyərdiz?

-Bu məşqçinin seçimidi. Bu prosesin gedişinə baxmaq lazımdı. Ola bilər həmin gün məşqçi onu layiq bilibmi deyim, yoxsa necə… Belə baxanda Bədavi son oyunlarda ancaq start heyətində meydana çıxır. Ancaq bu məsələ Robertin işidi. O komandaya daha yaxındı, nəinki biz. Əlavə olaraq deyim ki, mən həmişə futbolçularımdan tələb edirəm ki, millidə burdakından da daha məsuliyyətli olsunlar .

-Premyer Liqada son turlarda “Qarabağ” penalti üzünə həsrətdi. Hətta elə epizodlar olub ki, həmin anda hakim penalti təyin etməliydi, etməyib. Haqlı olduğunuz durumda belə lehinizə verilməli olan penalti verilməyib.  Düşünmürsüz ki, çempionatda intriqanın ölməməsinə hesablanmış bir addımdı?

-Açığı bu barədə düşünməmişəm. Belə detallara önəm vermirəm. Olsa verərdilər.  Heç kimin işinə qarışmayaq. Biz çalışırıq ki, öz səhvlərimiz üzərində işləyək. Belə şeylər haqda düşünsək bu bizim vaxtımızı aparar.

-Bu tur rəqib “Rəvan», düşərgədə zədəli və millidən qayıdan yorğun futbolçular var. Autsayderlə oyunda komandada hər hansı bir yenilik görə biləcəyikmi?

-El-Jaduyi zədəlidi.  Digər futbolçular hazırdı. Millidən qayıdan futbolçular yüngül məşq etdilər. Reynaldo tam hazır deyil, ancaq qarşıdakı oyunlarda onu meydana buraxmaqa başlayacağıq. Hər oyunda yeniliklər gözlənilir. Yeniliklər olacaq.

-«World Coach Ranking» dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını açıqlayıb. Siz həmin siyahıda bu dəfə 6 pillə irəliləyib İnzagi, Samu Hyupiya, Did Advokat kimi məşqçiləri qabağlamısız. Komanda UEFA reytinqində, siz isə məşqçilər siyahısında irəliləməkdəsiz. Bununla bağlı düşüncələrinizi bilmək maraqlı olardı.

-Belə  şeylərə çox önəm vermirəm.  Hamı öz işini layiqincə görsə heç bir sistemdə, heç bir sahədə problem olmaz.  Mən öz futbolçularıma da tapşırıram ki, hər kəs öz işini ən yaxşı formada görməlidi. Bəli, bu gün 2-3 pillə irəliləmişik, deməli işimiz pis getmir. Bunu daha da yaxşılaşdırıb daha üst yerlərdə ola bilərik.

Səxavət QURBANOV

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *