Qurban Qurbanov axtarışdadı (MÜSAHİBƏ)

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda «Qarabağ” və «Zirə” komandaları arasında yoxlama görüşü baş tutub. Qarşılaşma Ağdam təmsilçisinin 4-0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra «Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
Sport7.az həmin müsahibəni təqdim edir:
— Komandada hansı cəhətdən çatışmazlıqlar var?
— Əlbəttə ki, çatışmayan cəhətlərimiz var. İndi elə bir dönəmdi ki, mütləq çatışmazlıqlar olacaq. Düşünürəm ki, bir neçə oyun müəyyən çatışmazlıqları hiss edəcəyik. Hər hansı bir formada bunu aradan qaldırmağa çalışacağıq. Ümumi durum isə pis deyil.
— Əsas narazılığınız nədəndi?
— Bu gün üçün ümumi narazılığım var. Hansı ki, bu oyun üçün yox, futbolçuların həm fiziki hazırlığı, həm texniki-taktiki hazırlığı normal deyil. Futbolçu öz formasını tam bərpa etmədikdə səhvlər çox olur. Ayrı-ayrı oyunçuların səhvləri komanda şəkilində təsir edir. Ancaq, buna normal baxıram və ən əsası budur ki, futbolçular bunu dərk edirlər. Bəzi səhvlər və top itkiləri normaldı. Bu həftə məşqlərimizi sırf yarış tipində keçirəcəyik və tam fərqli bir sistemdə çalışacağıq. Düşünürəm ki, «Düdelanj”la oyuna kimi futbolçuların durumu daha da yaxşılaşacaq.
— Bu mərhələdə yoxlama oyunları və fiziki yükləmələr futbolçularda yorğunluq yarada bilər. Bu narahatçılıq sizdə varmı?
— Narahatçılığımız daha çox bu məqamlardandı. Futbolçu belə anlarda psixoloji cəhətdən daha da hazır olmalıdı. Bu dəqiqə psixoloji hazlırlıq cəhətdən daha çox çalışmalıyıq və bunun üzərində işləyirik.
— Ansi Aqolli Fransada təşkil olunan Avropa çempionatından birbaşa «Qarabağ”ın düşərgəsinə qoşulub. Onun üçün istirahət etməməyin hər-hansı bir problemi yoxdur?
— Ansi peşəkar futbolçudu və hər şeyi çox gözəl dərk eləyir. İlk günlərdə müəyyən qədər yorğunluq hiss olundu. Ansi «Zirə” ilə oyunda özünü yaxşı tərəfdən göstərdi və sübut etdi ki, Çempionlar Liqası turnirinə hazırlaşır.
— Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən komanda üçün belə hücum xətti yetərlidimi?
— Bəlkə hücum xəttimiz bu günə kimi yetərli olub. Dəfələrlə demişəm ki, hücumçu axtarırıq. Hətta 2 hücuçmu ilə güclənməyimizi çox istəyirəm. Böyük turnirlərdə əlimdə bir yox, daha çox oyunçunun olması əlavə üstünlükdü. Əfsuslar olsun ki, biz bu gün bunu əldə edə bilmirik. Bəzi danışıqlar və axtarışlar davam edir. Bizdən asılı olmayan nüanslar var.
— Nüanslar bizim çempionatın zəif olması ilə əlaqədardı, yoxsa istədiyiniz hücumçunu tapa bilmirsiniz?
— Yox, burda çempionatın heç bir rolu yoxdu. İndi Avropada da bəzi ölkələrdə durum çox yaxşı deyil. Bəzən elə anlar olur ki, klubu nəzərə almalıyıq. 100 faiz hazır olan futbolçunu komandaya gətirməyə çalışmalıyıq.Bu günə kimi səhvlərimiz də, qüsurlarımız da olub. Bundan sonra çalışırıq ki, səhvlər etməyək. Çünki bizim digər klublar kimi böyük büdcəmiz yoxdu. Buna görə, doğru qərar verməyə çalışırıq.
— Bəzi mütəxəssilər «Qarabağ”ı artıq üçüncü mərhələdə görürlər. Bu, sizin işinizə problem yaradırmı?
— Bu, həmişə bizim işimizə problem yaradır. Necə yaradır, biz buna normal baxırıq və bütün fikirləri normal qarşılayırıq. Dəfələrlə demişəm ki, ilk oyun mənim üçün digərlərindən daha vacibdi və daha çətindi. Çünki futbolçuların tam hazır olması və oyuna köklənməsi daha vacibdi. Belə məsələlər fikir vermirik və bu məsələləri normal qəbul etməliyik.
— İbrahim Sehiçi əvəzləyəcək gücdə olan qapıçınız yoxdu. Bu məqam sizi narahat edirmi?
— Axtarışdayıq. Planımızda belə bir şey var. Çalışırıq tez bir daha bir qapıçı komandamıza cəlb edək.
— Milli komandanın qapıçıları — Aqil Məmmədov və Kamran Ağayev hazırda klubsuzdular. «Qarabağ» bu futbolçuların xidmətlərində maraqlıdır?
— Dediyim kimi, hücumçu və qapıçı axtarışındayıq. Çalışırıq ki, bu futbolçuları tez bir zamanda komandamıza cəlb edə bilək. Ancaq Aqil Məmmədov və Kamran Ağayevin adı hazırda transfer siyahımızda yoxdur.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *