Qara Qarayev: “Kim udur, kim uduzur, maraqlanmıram”

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqanın 25-ci turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:0) sonra müsahibəsi

— “Sumqayıt”ı 10 gün ərzində 3-cü dəfə məğlub etdiniz…

—  Oyunda qolun erkən vurulması işimizi asanlaşdırdı. Sevinirik ki, istədiyimiz nəticəni qazandıq. Komandamız xoş sözlərə layiqdir. Çünki eyni komandaya qarşı  ardıcıl iki gözəl oyun sərgilədik və baxımlı qollar vurduq.

— Bir həftə ərzində eyni komandaya qarşı iki dəfə  oynamaq çətindir, yoxsa asan? 

— “Sumqayıt”a qarşı yox, belə meydanda oynamaq çətin idi. Süni örtüklü meydança bizi çox yorur. Azərbaycan çempionatında asan oyun yoxdur. Hər iki matça maksimum nəticə qazanmaq üçün çıxmışdıq.  Məncə,“Sumqayıt” haqqında danışılası bir şey yoxdur.  Gənclərdən təşkil olunmuş komandadır və meydanda bütün rəqiblərə çətinlik yarada bilirlər. Bu komandanın uğurları hələ qabaqdadır.

— Demək istəyirsən ki, “Sumqayıt” hazırda sizə müqavimət göstərəcək gücdə deyil?

— Yox, belə düşünmürəm. Bizə də çətin anlar yaşatdılar. Qeyd etdiyim kimi, erkən qol matçın taleyini həll etdi. Ümumiyyətlə, biz komanda şəklində işimizin öhdəsindən yaxşı gəldik və layiqli qələbə qazandıq.

— Turnir cədvəlinə baxanda nə hiss edirsən?

— İnanırsınız, çalışıram turnir cədvəlinə  baxmayım. Bunu həqiqətən də istəmirəm. Kim udur, kim uduzur, turnir cədvəlində neçənci yerdəyik, çalışıram ki, belə şeylərlə maraqlanmayım. Çünki bizim üçün önəmli olan oyunlara ciddi hazırlaşmaqdır. Hər oyunda öz işimizi görməliyik. Ona görə də turnir cədvəlinə baxmamaq daha faydalıdır.

— “Qəbələ” “Zirə”ni Azərbaycan kubokunda 5:1 hesabı ilə məğlub etdi, ancaq son turda həmin rəqibinə öz meydanında uduzdu. 

— Doğrudur,  çox maraqlı nəticə qeydə alınıb. Bu o deməkdir ki, bu gün məğlub etdiyin komanda sabah səni çempionluqdan edə bilər. Eyni zamanda bu oyun  göstərdi ki, çempionatın qalan turları gərgin mübarizə şəraitində keçəcək. Fikrimcə, “Qəbələ”- “Zirə” matçından dərs almalıyıq. Hər bir kluba qarşı ciddi hazırlaşıb, inamlı oynamaq lazımdır.

— Demək olarmı “Qəbələ” “Zirə”yə məğlubiyyətin əvəzini sizinlə oyunda çıxmaq istəyəcək?

— Həm “Qəbələ”, həm də “Zirə” ancaq bizimlə oyunlara motivasiya olacaq.  Onlar çalışacaqlar ki, “Qarabağ”ı  ya məğlub etsinlər, ya da ən azı bir xal alsınlar. Bu mənada deyə bilərəm ki, bizi Qəbələdə çətin,  aqressiv oyun gözləyir.  “Qəbələ”nin son turda məğlub olması bizim işimizi çətinləşdirdi.

Ergün SEYİD

Qol.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər