Muarem: Ümid edirəm ki, Azərbaycana qarşı oyunda mən də iştirak edəcəyəm

«Qarabağ»ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində «Rəvan»a qarşı keçirəcəkləri oyun öncəsi müsahibəsi.

— Yəqin ki, bu gün qarşılaşacağınız autsayderlə oyunda asan qələbə gözləyirsiniz…
— Hazırlıq öz axarı ilə gedir. Yığma üzvləri də məşqləri bərpa ediblər. Şehiç və Aqollidən başqa hamı qaydasındadır. «Rəvan»a qalib gəlmək istəyirik. Rəqibin sonuncu pillədə qərarlaşması barədə düşünmürük. Çünki rəqiblərimizin hamısı bizə qarşı xüsusi motivasiya ilə oynayır. Çempion olmaq istəyiriksə, üç xal qazanmağa borcluyuq.

— Yığma üzvləri olmadan hazırlaşmağınız problem yaratmayacaq?
— Hər şey qaydasındadır. Əlbəttə, yığma üzvləri sırada olmayanda komanda az futbolçu qalır. Hərdən çətinliklər yaranır. Çünki tam hazırlaşa bilmirsən.

— «Qarabağ»ın yığmalara çağırılan futbolçularının çox olması sizin üçün problemdir?
— Bu, müəyyən çətinliklər yaradır. Amma müsbət cəhətləri də var. Klubun yığma üzvü olan futbolçusu nə qədər çox olsa, «Qarabağ» üçün bir o qədər yaxşıdır.

— Son dövrlər Makedoniya yığmasına dəvət almamağınız sizi məyus etmir?
— Mən Makedoniya yığmasının üzvü sayılıram. Son dövrlərə qədər dəvət alırdım. Son oyunlara dəvət almamağıma görə üzülmürəm. İqor Angelevskinin qərarına hörmətlə yanaşıram. Öz növbəmdə üzərimdə daha çox çalışmalıyam ki, yenidən yığmaya çağırılım.

— Azərbaycan millisinin Qazaxıstanla yoxlama oyununda Rəşad Sadıqov meydanı tərk edərkən kapitan sarğısının Bədavi Hüseynova verilməsi çoxlu söz-söhbətə səbəb oldu. Belə bir hal Makedoniya yığmasında yaşansaydı, necə olardı?
— Bu barədə yazılanları oxumuşam. Hesab edirəm ki, yığmanın kapitanı yerli futbolçu olmalıdır. Amma məşqçilər elə hesab ediblərsə, bu, onların seçimidir. Əlbəttə, eyni hal Makedoniya yığmasında da yaşana bilər. Orada da sizdəki kimi reaksiyalar olardı. Niyə komandanın kapitanı makedoniyalı olmayan, gənc futbolçu olmalıdır?

— Yeri gəlmişkən, Azərbaycan yığması növbəti yoxlama matçını Makedoniyaya qarşı keçirə bilər. Sizi də həmin oyunda görə biləcəyik?
— Bu barədə ötən gün məşqdə eşitdim. Əlbəttə, bu oyunda yığmada olmaq istərdim. Azərbaycanla oyun mənim üçün xüsusi olardı. Çünki «Qarabağ»dakı komanda yoldaşlarıma qarşı oynamaq şansı qazanardım. Ümid edirəm ki, elə də olacaq.

— Əsas rəqibiniz «Zirə» bu tur «Kəpəz»in qonağı olacaq. Debütantın bu oyunda xal itirməsi sizin üçün yaxşı olar?
— Əlbəttə, əsas rəqiblərinin xal itirməsi həmişə yaxşıdır. Amma bizi digər klubların nəticələri çox da narahat etmir. Əsas öz uğurumuzdur. Biz özümüz özümüzə kömək etməliyik, digər komandalardan kömək gözləməməliyik.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər