Muarem Muarem: Fasilədə baş məşqçi bizə daha təmkinli oynamağı tapşırdı

«Qarabağ»ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş «Sumqayıt»la səfər oyunundan (2:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, qarşılaşmadakı ilk qolun müəllifi öncə bunları söyləyib:

«İlk turdakı məğlubiyyətdən sonra bu oyunda yalnız qələbəyə köklənmişdik. Uğur qazanacağımıza da tam əmin idik. Çünki qələbə qazanmağı çox istəyirdik. Sadəcə, bir neçə qol epizodunu boşa verdik».

«Fasilədə Qurban Qurbanov bizə bir qədər də sakit və təmkinli olmağı tapşırdı. O, belə oynayacağımız halda qolların da gələcəyini söylədi. Biz də onun dediyi kimi etdik və gördüyünüz kimi, iki qol vurduq».

Makedoniyalı yarımmüdafiəçi matçda hesabı açmasına da toxunub: «Şadam ki, məndə hər şey normaya düşür. Bacardığım qədər komandama kömək etməyə çalışıram».

Sumqayıtdakı oyunu izləyənlər arasında «Qarabağ»ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi — İsveç «Qöteborq»unun məşqçisi Alf Vesterberq də var idi. Muarem buna da münasibət bildirib: «Onun oyunu izləyənlər arasında olduğunu bilmirdim. Amma biz ona görə öz oyun üslubumuzu dəyişəsi deyildik ki. Çıxdıq, öz futbolumuzu oynadıq».

Ağdam təmsilçisinin üzvü isveçlilərə qarşı oyunlardan da söz açıb: «Çalışacağıq ki, səfərdə baş tutacaq ilk oyunda yaxşı çıxış edək, müsbət nəticə qazanaq. Amma onu da bilirik ki, bizi orada çox çətin matç gözləyir».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *