Karyeramı `Qarabağ`da bitirmək istərdim

Maksim Medvedev karyerasını bir kluba həsr etmiş azsaylı yerli oyunçulardandı. Azərbaycanda çox az futbolçu tapılar ki, klubları əlcək kimi dəyişməsin. Maksim isə artıq 9 ilə yaxındı çıxış etdiyi “Qarabağ”ı hələ ki, heç bir kluba dəyişməyib.

Maraqlı həmsöhbət olan Maksimlə klubun bazasında baş tutan müsahibədən, fövqəladə bir hadisə baş verməsə, onun karyerasını elə məhz Ağdam klubunda bitirəcəyinə əmin oldum. Maksimlə söhbət zamanı futbola gəlişindən tutmuş, gələcək planlarına qədər bir neçə məsələ barədə söhbət etdik.

“Anam deyirdi ki, şikəst ola bilərsən”

– Maksim, futbola gəlişin necə olub?
– Uşaq vaxtımdan futbolla yaxından maraqlanırdım. Həyətdə həmişə uşaqlarla futbol oynayırdım. Evə demək olar, ancaq yatmağa gəlirdim. Məktəbdə də futbola çox vaxt ayırırdım. Məktəblərarası yarışlarda iştirak edirdim. Mən oxuduğum 63 nömrəli məktəbin komandasında oynayırdım. O vaxt yarışlardan birində finala çıxmışdıq. Finalda 51 nömrəli məktəblə qarşılaşmışdıq. Orda oynayan uşaqlar hamısı futbolla məşğul olurdular. Finalda onlara 5:4 hesabıyla uduzmuşduq. O komandanın heyətində hazırda “Kəpəz”də çıxış edən Tural Axundov və Hüseyn Axundov kimi futbolçular oynayırdı. Final oyunundan sonra onlar mənə yaxınlaşdılar və futbolla məşğul olmaq istəyib-istəmədiyimi soruşdular. Mən də, “əlbəttə, istəyirəm” dedim. Beləliklə, cəmi 10 yaşında o vaxtkı “Neftqaz” komandasında məşqlərə çıxmağa başladım. Baş məşqçimiz Ramiz Sadatov idi. Mən komandaya yollananda Hüseyn və Turalla bir komandada oynamadım. Çünki onlar 1988, mən isə 1989-cu il təvəllüd idim.

Çox yaxşı komandamız var idi. Demək olar ki, hər il çempion olurduq. Mənimlə bir komandada oynayan uşaqlardan hazırda yalnız Rauf Əliyev karyerasını davam etdirir.
“Neftqaz”da çempion olduqdan sonra baş məşqçimiz Ramiz Sadatov bizi U-15 millisinə yoxlanışa göndərdi. Ancaq yoxlanışa göndərərkən bizə xəbərdarlıq da etdi. O, bizi göndərməmişdən öncə “seçilməyəcəyiniz təqdirdə, həvəsdən düşməyin” dedi. Həmin vaxt məndə böyük həyəcan var idi. Tanımadığım komandaya baxışa yollanırdım. Komandaya qoşulduğum ilk gündə orda oynayan uşaqların bizimlə eyni komandada olmalarına baxmayaraq, bizdən çox iri olduqlarını gördüm. Onların neçənci il təvəllüd olduğunu bilmirdim. Raufla mən orda ən cılız uşaqlar idik. Orda seleksiya işinə Mirbağır İsayev baxırdı. O, bizim oyunumuzu bəyəndi. Bundan sonra millinin toplanışlarına çağırılmağa başladım. Sonradan bütün milli komandalarda oynadım. Növbəylə U-15, U-17, U-19-da forma geyindim.

– Futbolla məşğul olmağa başlayanda ailədə narazılıq olmadı ki?
– Olmuşdu. Anam deyirdi ki, şikəst ola bilərsən, 50 yaşdan sonra gəzə bilməyəcəksən. Dərslərimə daha çox vaxt ayırmağımı istəyirdi. Çünki orta məktəbdə dərslərimi yaxşı oxuyurdum. Qiymətlərim yaxşı idi. 11-ci sinfi 3 dənə 4-lə qurtardım. Qalan qiymətlərim əla idi. Buna görə də, futboldansa oxumağımı daha çox istəyirdilər. Ancaq 17 yaşım olanda evə 200 manat pul gətirəndən sonra dedilər “get bir az da gətir” (gülür).

– “Qarabağ”da nə vaxtdan çıxış etməyə başladın?
– “Qarabağ”a “Neftqaz”dan yollanmışdım. Burda Elçin Xudadatovun rəhbərliyi altında oynayırdım. O, bizə hər cür dəstək olurdu. Hər oyunda şans verirdi. Sonra Rasim Kara gəldi. O, heyətdə gəncləşdirmə aparırdı. Bundan sonra əsas heyətə cəlb edildim. Burda da özümü yaxşı tərəfdən göstərdim. Bundan sonra mütəmadi olaraq əsas komandaya cəlb edilməyə başladım. İlk oyunum da yadımdadı. Rasim Kara “Karvan”la səfər oyununda mənə start heyətində şans vermişdi. Həmin oyunda 0:2 uduzmuşduq. Qapıda da Elxan müəllim (“Qarabağ”ın hazırki məşqçisi Elxan Həsənov) dayanmışdı. Həmin vaxt məndə təcrübə çatmırdı, ancaq istəkli olduğuma görə Rasim Kara mənə şans vermişdi. O, mənə inanırdı. Artıq illər keçib. İndi artıq təcrübə də toplamışam. İndi normal futbolçuya oxşayırıq (gülür).

“Həmişə İtaliya millisinin formasında gəzirdim”

– Bəs uşaq vaxtı futbola səni nə həvəsləndirmişdi?
– Uşaq vaxtlarımdan “Yuventus” azarkeşi olmuşam. Bu komandaya Alessandro Del Pyeroya görə simpatiyam var idi. Hamı futbola başlayanda hücumçu kimi başlayır. Mən də özümü həmin vaxt Del Pyeroya oxşadır, onun kimi cərimə zərbəsi vurmağa çalışırdım. Demək olar, həmişə İtaliya millisinin formasında gəzirdim.
Ancaq futbola həvəs yaranmamışdan əvvəl də idmanla məşğul olurdum. 4 yaşımdan etibarən, 7 il ərzində akrobatika ilə məşğul olmuşam. Mən artıq 10 yaşında idman ustalığına namizəd idim. Neçə dənə medalım, diplomum var idi. Ancaq akrobatikaya elə də həvəsim yox idi. Sadəcə olaraq, ailədən uşaq vaxtlarımdan sağlamlığıma görə məni akrobatikaya yazdırmışdılar. Akrobatika ilə məşğul olduğumdan, çox bərk uşaq idim. Ancaq fikrim futbolda olduğundan, akrobatikadan ayrıldım.

– Yəqin ki, futboldan öncə akrobatika ilə məşğul olmağın sonradan sənə çox köməyi dəydi…
– Əlbəttə, çox köməyi oldu. Akrobatika ilə məşğul olmağım mənə cəldlik və dözümlülük verdi. Bu da mənə futbolda çox kömək oldu. Həmişə trenajorda məşğul olduğumdan, ayaqlarım şiş olurdu. Bir sözlə, özümü tanıyandan idmanla məşğul olmuşam. Akrobatikadan başqa, taekvando və basketbolla da məşğul olmuşam.

– Bayaq hər bir uşağın hücumçu olmaq arzusunda olduğunu dedin. Bəs sən nə vaxtdan müdafiədə çıxış etməyə başlamısan?
– “Neftqaz”da çıxış edərkən, sağ kənar yarımmüdafiəçisi kimi çıxış edirdim. Daha çox hücuma qoşulurdum. U-15-ə qoşulanda da sağ cinah yarımmüdafiəçisi kimi çıxış edirdim. Ancaq sonradan sol kənar müdafiəçisi mövqeyində çıxış edən futbolçu zədəli olduğundan, məni bu mövqedə də sınadılar. Yaxşı təsir bağışladığımı görüb, bu mövqedə daim şans verməyə başladılar. Sonradan sağ kənar müdafiəçisi kimi çıxış etməyə başladım. Rasim Kara da mənə bu mövqedə şans verirdi. Hələ indiyədək də bu mövqedə çıxış edirəm.

– Əsas milliyə necə cəlb olunmuşdun?
– U-21 millisinin heyətində Albaniyada idim. Mənə dedilər ki, Berti Foqts səni millidə görmək istəyir. Ordan birbaşa Almaniyaya – millinin düşərgəsinə yollandım. Milliyə uyğunlaşmaqda çətinlik çəkmədim. Çünki klubda bir yerdə oynadığım futbolçuların çoxu millidə idi. Elvin Məmmədov, Vaqif Cavadov, Rəşad Sadıqov kimi futbolçularla klubda da bir yerdə çıxış etdiyimdən, mənim üçün çətin olmadı.

– Milli karyeran ərzində ən yaddaqalan oyunların hansılar olub?
– Millinin heyətində pis mənada yaddaqalan oyunlar Xorvatiya və Almaniyaya qarşı səfər oyunları olub. Bu oyunlarda almanlara 1:6, xorvatlara isə 0:6 hesablarıyla məğlub olmuşduq. Böyük məğlubiyyətlərə görə bu qarşılaşmaları ən uğursuz oyunlar kimi dəyərləndirərdim. Millidəki uğurlu oyunlarımıza gəlincə, Şimali İrlandiya üzərindəki qələbəni (2:0), Norveç (0:0) və Rusiya millisiylə oyunlardakı heç-heçələri (1:1) qeyd edərdim. Düzdü, bu saydığım oyunlarda elə də yüksək uğur qazanmamışıq. Ancaq bu komandalarla səviyyə fərqinə baxanda, bu nəticələri uğur kimi qəbul etmək olar.

– Yəqin ki, “Qarabağ”da yaxşı mənada yaddaqalan oyunlar daha çoxdu…
– Əlbəttə, “Qarabağ”da uğurlu oyunların sayı daha çoxdu. “Anderlext”lə ev (1:0), “Dnepr”lə səfər (1:0) oyunlarındakı qələbələr, həmçinin “Rusenborq” üzərindəki qələbə (1:0) yaxşı mənada ən yaddaqalan oyunlardı. Məyusedici oyunlara gəlincə, Avropa Liqasının qrup mərhələsinin “İnter”lə Bakıdakı oyunu (0:0) qeyd etmək olar. Hansı ki, hakimin səhviylə qələbəni əldən verdik. Bununla yanaşı, bu il “Monako”yla hər iki oyunu (1:1, 0:1) da bu siyahıya aid etmək olar. Hər iki oyunda qol fürsətlərimiz olsa da, bundan yararlana bilmədik.

– Maksim, artıq neçə ildi “Qarabağ”da çıxış edirsən. Gələcək karyeran barədə hansı fikirdəsən? Bundan sonra da “Qarabağ”da davam etmək istəyirsən, yoxsa ölkə xaricində çıxış etmək planın var?
– Gəncliyimdə “Yuventus”da oynamaq istəyərdim. Bu dəqiqə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Anderlext”, “Monako” kimi komandalarla oynayır. “Qarabağ”da çıxış edərək belə komandalara qarşı oynamaq şansım varsa, niyə başqa kluba yollanmalıyam? İndiki halda bura mənə daha çox sərf edir. Evimdəyəm, ailəm yanımdadı, dil problemim yoxdu. Mənim artıq 26 yaşım var. İndi mən “Qarabağ”da qalmağa daha çox üstünlük verərəm, nəinki hansısa xarici kluba yollanmaq. Başqa kluba yollananda hansı problemlərlə qarşılaşacağım məlum deyil. Bura isə illərimi vermişəm. Karyeram ərzində yalnız “Qarabağ”da oynamışam. Elə karyeramı da burda bitirmək istərdim.

“İstəyərdim ki, gələcəkdə futbolçu olsun”

– Boş vaxtlarında nə ilə məşğul olursan?
– Xüsusi bir məşğuliyyətim yoxdu. Boş vaxtımı ailəmə həsr edirəm. 20 yaşında ailə həyatı qurmuşam. İki oğlum, bir qızım var. Boş vaxtlarımda ailəmə, övladlarıma vaxt ayırıram.

– Oğullarının da özün kimi futbolçu olmasını istəyərdin?
– Hə, istəyərdim. Xüsusilə, görürəm ki, oğullarımdan birinin qabında nəsə var. İstəyərdim ki, gələcəkdə futbolçu olsun.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *