Elvin Məmmədov: Oyunum barədə danışmağı xoşlamıram

Azərbaycan yığmasının və «Qarabağ» klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun müsahibəsi

Yoldaşlıq görüşündə Moldova üzərində 2:1 hesablı qələbə qazandınız. Sıradan yoxlama matçında istəkli olmağınızın xüsusi səbəbi var idimi?
— Əvvəla qələbə qazandığımız üçün çox sevinirəm. Çünki buna böyük ehtiyacımız var idi. Yeni stadionda oynayırdıq. Düzdü, açılış matçında Bakı Olimpiya Stadionunda İtaliyaya məğlub olmuşduq. Bu səbəbdən yeni arenada ilk qələbəmizi qazanmaq istəyirdik. Üstəlik, uzun fasilədən sonra millinin formasını geyinirdim. Məncə, bütün bunlar istəkli olmaq üçün yetərli səbəb olmalıdı. Çox sevincliyəm. Bunu dillə izah etmək çətindi, gərək yaşayasan.

Öz çıxışınızdan razı qaldınız?
— Oyunum barədə danışmağı xoşlamıram. Fikrimcə, ən yaxşı qiyməti futbol ictimaiyyəti, mətbuat verər.

İki illik fasilədən sonra yığmanın formasında meydanya çıxdınız. Lakin heç də uzun müddət kənarda qalan futbolçu kimi davranmadınız…
— Düzdü, matçın gedişində oyunum bəzən alındı, bəzən alınmadı. Əsas odu ki, komandama az da olsa, köməyim dəydisə, bu özü sevindiricidi. Əvvəllər də yığmanın formasını geyinmişəm. Hazırkı futbolçuların bir çoxu ilə klubda yollarımız kəsişib. Buna görə də, özümü yad hesab etməyim, uyğunlaşma problemi yaşamağım mümkün deyildi.

Heyətdə bir çox dəyişikliklər edilmişdi. Bu gənc futbolçularla yola çıxmaq olarmı?
— Əlbəttə olar. Əgər yığmaya çağırılıblarsa, deməli, bu formanı geyinməyə layiqdilər. Hazırda bütün dünya futbolunda gəncləşdirmə siyasəti gedir. Müasir futbolun tələbləri bir qədər fərqlidi. İndi dinamik, enerjili gənclərə hər yerdə ehtiyac yaranır. Yığmamızda da layiqli gənclər varsa, niyə də onlarla yola çıxmayasan?

Hədəf növbəti Avropa çempionatında final mərhələsinə vəsiqə qazanmaqdı. Hazırkı gənclərin əksəriyyəti həmin vaxt yığmanın heyətində yer alacaq. Bu oyunçularla hədəfə çatmaq mümkündümü?
— Bunu zaman göstərəcək. Çünki futbolda heç kim sığortalanmayıb. Futbolda ağır zədələr var ki, futbolçunun karyerasını alt-üst edir. Enişli-yüksəlişli vaxtlar olur. Təki onların hamısı milli komandamıza xeyir versin. Bu, Azərbaycan futboluna yalnız fayda verər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər