Cavid Tağıyev: «Qurban Qurbanov tapşırdı ki…»

“Qarabağ”ın futbolçusu Cavid Tağıyev Azərbaycan kubokunun 1/8 finalında “Şəmkir”ə qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

— Fasilədən sonra vurduğunuz iki qolla mərhələ adladınız. Oyunla bağlı fikirlərini öyrənək…

— Oyunun çətin keçəcəyini bilirdik. “Şəmkir” birinci divizionda oynayan klub olsa da, “Qarabağ”a qarşı yaxşı oynadı. Hətta qol vurmaq üçün imkanları da çox oldu. Gözəl oyuna görə onları təbrik edirəm. Sevinirəm ki, növbəti mərhələyə biz keçdik.

— Hiss olunurdu ki, “Qarabağ” meydana çox rahat çıxmışdı…

— Mən belə deməzdim. Sadəcə ilk hissədə oyunumuz alınmadı. İkinci hissə başlayanda baş məşqçi tapşırıqlarını verdi və biz də üzərimizə düşən vəzifənin öhdəsindən gələrək qələbə qazandıq.

— Fasilədə baş məşqçiniz Qurban Qurbanov hansı tapşırıqları verdi ki, oyunu dəyişməyi bacardınız?

— Daha ciddi oynamağımızı tapşırdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Elə 2 epizoddan mən yararlana bilmədim. Qurban Qurbanov da fasilədə tapşırdı ki, topu daha çox saxlayaq və qapıya zərbələrdə dəqiq oynayaq.

— “Şəmkir”dən belə mübarizə gözləyirdiniz?

— “Şəmkir” birinci divizionda 3-cü pillədə qərarlaşıb. Bizim üçün yaxşı rəqib idi. Qeyd etdiyim kimi matçın çətin olacağını bilirdik. Ona görə də bu oyuna yaxşı hazırlaşmışdıq. Həm də “Şəmkir”i yaxşı analiz etmişdik.

— Bu görüşdə bir qol və bir məhsuldar ötürmə ilə komandanın qələbəsində böyük pay sahibi oldun…

— Fərqləndiyim üçün sevinirəm. Amma bu qələbəni komanda şəklində qazanmışıq. Qələbədə hər bir futbolçunun əməyi var. Qolu kimin vurmağının fərqi yoxdur. Əsas odur ki, növbəti mərhələyə yüksələk.

— “Şəmkir”lə oyunda əsas heyət futbolçularından çoxu demək olar ki, meydanda idi. Üç gün sonra Premyer Liqada “İnter”lə qarşılaşacaqsınız, daha sonra «Anderlext»lə matç üçün Belçikaya səfər edəcəksiniz. Belə sıx qrafiklə oynamaq çətin olmayacaq ki?

— Hər iki oyuna yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.

Ergün SEYİD

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *