Bədavi Hüseynov: «Muarem və Rahid üslubumuza kifayət qədər tez alışdılar.

«Qarabağ»ın müdafiəçisi Bədavi Hüseynovun müsahibəsi

— Komandanız Türkiyə toplanışına yaxşı başlamışdı. İlk iki yoxlama oyununda Almaniyanın «Rot Vayss» (1:0) və Macarıstanın «Diosqyor» (4:0) klublarına qalib gəlmişdiniz.
— Türkiyədə yaxşı rəqiblərə qarşı oynadıq. Amma bu oyunlarda əsas məqsədimiz komandadakı durumun, futbolçular arasındakı anlaşmanın hansı səviyyədə olduğunu müəyyənləşdirmək idi. Üstəlik, yeni futbolçuların komandaya uyğunlaşmasına da çalışırdıq.

— Yeri gəlmişkən, Antalyadakı görüşlərdə yeni transferlərinizdən həm Rahid Əmirquliyev, həm də Muarem Muarem qol vurmağa nail oldu…
— Onlar bizim oyun üslubumuza kifayət qədər tez alışdılar. Muarem onsuz da komandamız üçün tanış futbolçudur, əvvəllər burada oynayıb. Bu üzdən də ona çox asan oldu. Rahid də «Qarabağ»ın oyun stilinə tez uyğunlaşdı. Üstəlik, onun güclü tərəflərini yaxşı bilirik. Onların hər ikisi komandaya böyük fayda verəcək.

— Yeni futbolçularınızdan biri də qapıçı Şahruddin Məhəmmədəliyevdir. Sizin dostunuz olan bu gənc qapıçının Ağdam klubunda «bir nömrə» olacağına inanırsınız?
— Onun «Qarabağ»a gəlməsinə mən də şadam. Gənc və perspektivli qapıçıdır, gənclərdən ibarət yığma komandamızda sabit çıxış edir. Bu tempdə öz üzərində çalışmağa davam etsə, onu yaxşı gələcək gözləyir.

— «Qarabağ»ın çempionata hazır olduğunu söyləmək olar?
— Hələ üzərində çalışmalı olduğumuz məqamlar var. Amma bütövlükdə götürsək, tam hazırıq.

— Əsas rəqibiniz hesab olunan «Qəbələ» də Türkiyədə yaxşı toplanış keçdi. Son yoxlama matçında Ukrayna «Dnepr»inə uduzsalar da (0:1), İsveçrə «Sürix»inə darmadağınla (4:0) qalib gəldilər…
— Onların hazırlığını izləyirdim. Üstəlik, arada «Qəbələ»dəki tanış futbolçularla söhbət edirik. Onların sözlərinə görə, komandada əla atmosfer var. Çempionata ciddi hazırlaşıblar.

— «Qarabağ»ın bir gündə keçirdiyi son iki yoxlama oyunundan məğlub ayrılması nə ilə bağlı idi?
— Son yoxlama oyunları həm də ən çətin olur. Çünki yorğunluq ən yüksək həddə olur. Bir gündə iki matça çıxdıq. Uşaqların hər biri öz bacarığını nümayiş etdirmək imkanı qazandı. Fikrimcə, məğlub olmağımıza baxmayaraq, yaxşı oynadıq.

— Azərbaycandakı böhran ölkə futbolundan da yan keçmədi. Hazırda futbolçularına 400-500 manat pul ödəyən klublar var. Bu, sizi narahat etmir?
— Baş verənləri görmək, izləmək çox ağırdır. Çox istəyərdim ki, tezliklə hər şey normallaşsın. Ona görə də hər kəsə səbr diləyirəm. Ümid edirəm ki, hamımız birgə bu vəziyyətdən çıxa biləcəyik.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *