Ansi Aqolli: “Qarabağ”da qazandıqlarımı saysam, gərək sabaha kimi danışım”

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin  müsahibəsi

— Topaz Premyer Liqanın 24-cü turunda “Zirə”yə qalib gəldiniz. Görüş haqda fikirlərini bilmək istərdik.

— “Zirə”nin çempionatda göstərdiyi oyunlar göz qabağındadır. Olduqca çətin komandadır. Düşünürəm ki, çox ağır bir oyundan 3 xal qazandıq və yolumuza davam edirik.

— Nəzərə alsaq ki, “Zirə” Premyer Liqaya bu il yüksəlib və yaxşı nəticələr əldə edir, bu klubun cari mövsümdəki çıxışı sizi təəccübləndirirmi?

— I diviziondan gəldikləri üçün mövsümün əvvəlində onların belə çıxış etməyi təəccüblü gəlirdi. Amma “Zirə”nin uğurlu oyunları davamlı olduğu üçün onlar burada qeyri-adi bir şey olmadığını göstərir. Bu artıq bir faktdır ki, “Zirə” həqiqətən də yaxşı komandadır.

— Çempionat başlayanda ağlınızdan keçərdimi ki, çempionluq uğrunda əsas rəqiblərinizdən biri “Zirə” olacaq?

— Yəqin ki, bu heç kimin ağlına gəlməzdi. Amma fakt odur ki, “Zirə” Premyer Liqada uğur qazana bildi və yaxşı komanda şəklində formalaşmağı bacardı.

— Səncə, bu qələbə “Qarabağ”ı çempionluğa nə qədər yaxınlaşdırdı?

— Bu oyunda 3 xal qazanmağımız vacib idi. Çünki “Zirə” əsas rəqiblərimizdən biridir. Bu qələbənin çempionluq üçün yetərli olduğunu düşünmürəm. Qarşıda çox oyunlarımız var.  Həmin qarşılaşmalardan maksimum nəticələrlə ayrılmalıyıq.

— Mövsümün sonunda müqavilən başa çatır. “Qarabağ”la yeni müqavilə imzalamaq fikrin varmı?

— Hazırda bütün fikrimi “Qarabağ”ın oyunlarına, işimə yönəltmişəm. Hər oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Müqavilə ilə bağlı danışmaq üçün qarşıda çox vaxtımız var.

— Ümumiyyətlə, karyeranı “Qarabağ”da başa vurmağın mümkündürmü?

— Artıq 6 ildi buradayam. Təzə gələndə bu ağlıma gəlməzdi. Amma indi düşünürəm ki, niyə də olmasın?

— Geridə qalan 6 ildə Azərbaycanda nə qazanmısan?

— «Qarabağ»da qazandıqlarımı saymağa başlasam, gərək sabaha qədər danışaq.

— Yayda keçiriləcək “Avro-2016”nın final mərhələsində Albaniya yığması ilə sən də  iştirak edəcəksən. Azərbaycanda final mərhələsində oynayan yeganə futbolçu olacaqsan.

— Buna görə klubum və öz adıma fəxr edirəm. Elə bayaq qeyd etdiyim 6 ilin ən yaxşı göstəricilərindən biri də budur.  “Qarabağ”ı bu çempionatda təmsil etdiyim üçün çox şadam.

— Albaniya futbolu klub səviyyəsində Azərbaycandan heç də irəlidə deyil. Səncə, niyə ölkənin qazandığı uğura Azərbaycan yığması nail ola bilmir?

— Bizim milli komandada oynayanların böyük əksəriyyəti ölkə xaricində yaşayanlardır.  Onların çoxu İsveçrədə, Almaniyada, İtaliyada böyüyüb, orada futbol oynayıblar. Axtarsanız, görərsiniz ki, millinin heyətində Albaniya Super Liqasında oynayan 2-3 futbolçu var. Bizim ən böyük üstünlüyümüz bundadır.

Ergün SEYİD

Qol.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər