Ansi Aqolli: İnter indi daha təhlükəli komanda olub

«Qarabağ»ın müdafiəçisi Ansi Aqolli Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində «İnter»ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

— «İnter»lə oyundan nə gözləyirsiniz?
— Bu komanda həmişə güclü olub. Amma mənə elə gəlir ki, onlar bu mövsüm daha təhlükəli olublar. Bizi çox ağır oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq ki, nəticə bizim xeyrimizə olsun.

— «Neftçi» üzərində qələbə qazandığınız son oyunla bağlı hansı təəssüratlarınız qalıb?
— Asan oyun olmadı. Çünki «Neftçi»nin heyətində gənc futbolçular çoxdur. Onlar böyük istəklə mübarizə aparırdılar. İntensiv oyun idi. Biz çox yaxşı futbol sərgilədik. Eyni zamanda rəqibə öz oyununu sərgiləməyə imkan verməməyə çalışdıq. Nəticədə, qollar vurduq, qalib gəldik. Artıq qarşıdakı oyunu düşünməliyik.

— «Qarabağ»la «Neftçi» arasındakı oyunlar prinsipiallığı ilə seçilsə də, bu dəfəki görüşünüz elə də yüksək səviyyədə keçmədi…
— İstənilən oyun hər bir komanda üçün üç xallıq əhəmiyyət daşıyır. Hətta belə prinsipial oyunlar da. Bizim üçün vacib olan qələbə qazanmaq idi. Bunun üçün də əlimizdən gələni etdik, istəyimizə çatdıq. Amma oyun, mənim fikrimcə, çox yaxşı alındı.

— Azərbaycan futbol ictimaiyyətinin sizi hazırda Premyer Liqamızın ən güclü sol cinah müdafiəçisi saydığından xəbəriniz var? Bəs siz özünüz mövqeyinizdə kimi güclü sayırsınız?
— Bunu eşitmək mənə çox xoşdur. Hər məşqdə, hər oyunda ən yaxşısını ortaya qoymağa çalışıram. Mənim üçün daha önəmli olan komandamın uğuruna töhfə verməkdir. Meydanda da yalnız baş məşqçi Qurban Qurbanovun tələb etdiyini göstərməyə çalışıram. Mənim seçimimə gəlincə, Azərbaycanda mövqeyimdə çıxış edən çoxlu yaxşı oyunçu var.

— «Qarabağ»ın əsas izləyicisi «Zirə» ilə xal fərqi 6-dır. Sizcə, bu komanda sizə ən layiqli rəqibdir?
— Əlbəttə. Fikrimcə, «Zirə» möhtəşəm mövsüm keçirir. Amma güclü rəqiblər sırasına «Qəbələ»ni, «İnter»i, «Neftçi»ni də əlavə edərdim.

— Təsəvvür edə bilərsiniz ki, siz çempionluğu elitada debüt edən komandaya uduzursunuz?
— Futbolda hər şey mümkündür. Amma bir halda ki, «Qarabağ»ın oyunçusuyam, komandamın uğur qazanması, çempion olması üçün əlimdən gələni edəcəyəm.

 

NÖVBƏTİ OYUN

Bluebirds — Eagles

Tofiq Bəhramov
Premyer Liqa

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *