Ansi Aqolli: “Demək olmaz ki, çempionluğun taleyini həll etdik”

«Qarabağ»ın müdafiəçisi Ansi Aqolli Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində «Zirə»yə qarşı keçirdikləri oyundan (2:0) sonra müsahibəsi.

— «Zirə» üzərindəki qələbə barədə nə deyərdiniz?
— Bu komanda mövsümün əvvəlindəki nəticələri ilə məni təəccübləndirirdi. Amma indi artıq təəccüblənmirəm. «Zirə»nin çox yaxşı kollektivə malik olması faktdır. Biz bu dəfə onlara qarşı yaxşı oynadıq və qələbə qazandıq. Bu qələbəyə layiq idik. Çünki 3 xal qazanmağımız vacib idi.

— Yəqin ki, çempionluq yolunda əsas rəqibinizin debütant olacağını ağlınıza da gətirmirdiniz…
— Haqlısınız, doğrudan da belə bir şeyi təsəvvür etmək çətin idi. Amma görürük ki, bu komandanın heyətində meydana çıxan hər bir futbolçu öz işini yaxşı görür. Ona görə də «Zirə» belə güclü rəqibə çevrilib və çempionluğa əsas namizədlərdəndir.

— Qələbə «Qarabağ»ın xal fərqini yeddi xala çıxarmasna kömək etdi. Bu, sizin çempionluq yolunda üstünlüyünüzü möhkəmləndirdiyinizdən xəbər vermir?
— Xal fərqinin necə olmasından asılı olmayaraq, biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Qarşıda hələ çox oyun var. Həmin görüşlərdə də xallar toplamalıyıq.

— Azərbaycanda artıq altı ildir çıxış edirsiniz. Bu müddət ərzində nə qazanmısınız?
— Bunları bir-bir saymağa başlasam, səhərə qədər vaxt aparar. Burada çox şey əldə etmişəm.

— Yayda siz Azərbaycanı Albaniya yığmasının heyətində Avropa çempionatında təmsil edən yeganə futbolçu olacaqsınız…
— Bu, son altı ilin ən yaxşı hadisəsidir. Həm klubuma, həm də özümə görə qürur duyuram. «Qarabağ»ı AÇ-2016-nın final mərhələsində qürurla təmsil edəcəyəm. Qeyd etdiyiniz kimi, altı ildir bu klubdayam və «Qarabağ» mənim üçün çox doğmalaşıb.

— Azərbaycan və Albaniya klub futbolu baxımından eyni səviyyədədir. Maraqlıdır, sizcə niyə bizim yığmamız da sizinki kimi ciddi uğur qazana bilmir?
— Çünki Albaniya yığmasının əksər üzvləri xaricdə anadan olublar, futbolun sirlərini orada öyrəniblər. Məsələn, futbolçularımızdan İsveçdə, İsveçrədə, Almaniyada, Avropanın digər ölkələrində anadan olanlar var. Onlar futbolu da məhz həmin ölkələrdə öyrəniblər, səviyyələrini artırıblar.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *